NEWS Çap et 100 Archive
20.06.2019 / Important events
AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək

“Clarivate Analytics” (Thomson Reuters) agentliyinin ölkəmizdə işgüzar səfərdə olan nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla görüşüblər.

Görüşdə AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Təşkilatın Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin agentliyə aid bazalarda AMEA-nın və digər region ölkələrin elmi mərkəzlərinin göstəricilərini müqayisə edib. O, baza məlumatları əsasında elmi əsərlərin sayına görə Azərbaycanın ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlməsini xüsusi qeyd edib. Təşkilat rəsmisi digər elmi sahələrdən fərqli olaraq humanitar sahənin alimlərinin elmi bazalarda az təmsil olunduğunu bildirib. O, bu sahənin alimlərinin bazanın imkanlarından faydalanmağa cəlb edilməsi məqsədilə təşkilatın təkliflərini səsləndirib. Bununla əlaqədar ictimai və humanitar elmlər sahələrində alimlərin elmi nəticələrinin müvafiq bazalarda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra “Clarivate Analytics”in təhsil proqramları direktoru Valentin Boqorov təşkilata daxil olan elmi bazalarda AMEA-nın mövcud vəziyyəti haqqında elmi-analitik məlumatları təqdim edib və fəaliyyətin yeni meyarlar əsasında qurulmasının zəruriliyini vurğulayıb.

Görüşdə Ə.Sadıqov AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 2016-cı ildə “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında sazişin imzalandığını xatırladan Ə.Sadıqov hazırda AMEA-nın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin “Web of Science” bazasından geniş istifadə etdiyini bildirib və baza məlumatları əsasında AMEA-nın statistik və analitik göstəricilərinin əvvəlki illərlə müqayisədə keçən il daha yüksək olduğunu qeyd edib.

Ə.Sadıqov bildirib ki, ötən həftə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş elmi dərəcələr və adların verilməsi qaydaları haqqında əsasnamələrdən irəli gələn tələblər də göstərir ki, bundan sonra doktorant və dissertantlar elmi dərəcə almaq üçün beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə daha çox məqalə dərc etməlidirlər. Bu isə elmi bazalardan istifadəni daha da genişləndirəcək.

Daha sonra “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə son 5 ildə “Web of Science” bazasında indeksləşən jurnallarda AMEA alimlərinin 3 minə yaxın məqaləsinin dərc edildiyini bildirib. Ekspert bazanın imkanlarından istifadə üçün bir sıra tələbləri sadalayıb, yeni modulların hazırlandığını deyib.

Sonda region ölkələrin elmi mərkəzlərinin təşkilatla əməkdaşlıq səviyyəsi, jurnalların beynəlxalq elmi bazalara inteqrasiyası və s. mövzularda fikir mübadiləsi aparılıb.

© www.science.gov.az

Address:

AZ1001, 30, Istiglaliyyat str., Baku, Azerbaijan, 5th floor, no. of rooms 501, 502, 503, 504, 508.

E-mail:

eti@science.az

Phone:

(+994 12) 492 65 31

Fax:

(+994 12) 4926670

Copyright © 2006-2018 Institute of Information Technology of ANAS