XƏBƏRLƏR Çap et 255 Arxiv
29.11.2019 / Görüşlər
Doktoranturaya qəbul, xaricdə təhsil və beynəlxalq ikili diplom proqramları ilə bağlı maarifləndirici seminar keçirilib

Noyabrın 29-da AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisə və təşkilatlarının təhsil və beynəlxalq əlaqələr şöbələrinin müdirləri üçün maarifləndirici seminar keçirilib.

Tədbir AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin və Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə baş tutub.

Seminarı Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli qərarından danışıb. Qeyd edib ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. O, qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik şəxslərin xarici dil üzrə qəbul imtahanından azad olunduqlarını diqqətə çatdırıb.

F.Kazımovun sözlərinə görə, fəlsəfə fənni üzrə imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və ixtisas fənni imtahanına yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılır. İdarə rəisi bildirib ki, yeni qaydalara əsasən, doktorantların əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın elmi şuralarının qərarı ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə uyğun olaraq həyata keçirilir.

Natiq, həmçinin dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması məsələsinə də toxunub: “Fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almaq hüququna əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant olmaq istəyən şəxslərdən azı iki il elmi və ya elmi-pedaqoji iş stajı tələb edilir”.

F.Kazımov, o cümlədən Nazirlər Kabineti tərəfindən təsdiqlənən xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları, onların təhsilinin, eləcə də beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi barədə qərarları diqqətə çatdırıb. O, proqramlarda iştirak hüququ olmayan şəxslər, seçim meyarları, iştirakçıların xərcləri, sənədlərin qəbulu və s. haqqında məlumat verib.

Daha sonra F.Kazımov və Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva tərəfindən doktorantura, dissertantura, xaricdə təhsil, beynəlxalq ikili diplom proqramları haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Görüşdə Elm və təhsil baş idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov da iştirak ediblər.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu