XƏBƏRLƏR Çap et 105 Arxiv
08.05.2019 / Görüşlər
AMEA-nın hesabatı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları ilə görüşüb.

Tədbirdə akademik Akif Əlizadə AMEA-nın ötən həftə keçirilən ümumi yığıncağının yekunlarından bəhs edib. Yığıncaqda müxtəlif dövlət qurumları və ali təhsil müəssisələri rəhbərlərinin, AMEA-nın həqiqi və müxbir üzvlərinin, institut və təşkilatlarının direktorlarının iştirak etdiyini vurğulayan akademik hesabatın AMEA-nın üzvləri və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

AMEA-nın rəhbəri ötən il akademiyada aparılan innovativ və multidissiplinar tədqiqatlar, elmin inkişafının əsas hərəkətverici qüvvəsi olan elmlə təhsilin inteqrasiyası, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq elmi əlaqələrin inkişafı, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi sahəsində əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib. Bildirib ki, akademiyanın qarşısına qoyduğu əsas hədəf elmdə innovativ nailiyyətlərin əldə olunmasına töhfə verməkdir.

AMEA-nın prezidenti bu gün akademiyanın qloballaşan dünyanın dayanıqlı inkişaf hədəflərinə doğru inamla addımladığını deyib, həmçinin ictimaiyyətlə əlaqələr və elmin təbliği, elmi-təşkilati və digər istiqamətlərdə görülən işlərin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Akademik Akif Əlizadə Prezident İlham Əliyevin hər zaman elmi ictimaiyyətə dəstək olduğunu deyib, ötən il də ölkə başçısının elmlə bağlı bir sıra sərəncam və fərmanlar imzaladığını xatırladıb, bunu elmə diqqət və qayğının növbəti göstəricisi kimi ifadə edib.

Akif Əlizadə dövlət başçısının Sərəncamına əsasən yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətindən də söz açıb. Parkın özfəaliyyət istiqamətlərini genişləndirdiyini, burada innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, tədqiqatların nəticələrinin bir sıra sahələrə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırıb.

Akademik AMEA-nın 2018-ci ildəki beynəlxalq elmi əlaqələrindən də danışıb. O, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini, mühüm sənədlərin imzalandığını, qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edərək, bu kimi tədbirlərin elm diplomatiyasının inkişafında vacib amillərdən olduğunu söyləyib.

Akademik Akif Əlizadə həyata keçirilən işlərin daha yüksək templə davam etdirilməsinin qarşıya qoyulan əsas vəzifələrdən olduğunu bildirib.

Sonda AMEA-nın prezidenti akademiyanın ümumi yığıncağının təşkilində iştirak etmiş Rəyasət Heyətinin əməkdaşlarına, alimlərə təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar diləyib.

Tədbirdə AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış ediblər. Onlar görüşün təşkilinə və əməkdaşların fəaliyyətinə verilən yüksək dəyərə görə akademik Akif Əlizadəyə təşəkkürlərini bildiriblər.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu