XƏBƏRLƏR Çap et 146 Arxiv
28.01.2019 / Mühüm hadisələr
Yer Elmləri Bölməsində SOCAR-ın Elm Fondunun icrası başa çatmış qrant layihələrinin müzakirəsi keçirilib

Yanvarın 25-də AMEA Yer Elmləri Bölməsinin büro iclası keçirilib. Tədbirdə büro üzvləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib. Bildirib ki, iclas SOCAR-ın Elm Fondu tərəfindən 2017-ci ildə elan edilən qrant müsabiqəsinin qalibi olmuş layihələrin müzakirəsinə həsr olunub. Bölməyə daxil olan elmi müəssisələrin əməkdaşlarının qalibi olduğu 5 qrant layihəsi uğurla icra olunub.

Sonra müvafiq qrant layihələrinin rəhbərləri görülən işlərlə bağlı təqdimatlarla çıxış ediblər. AMEA-nın Neft və Qaz İnstitutunun böyük dərinliklər geofizikası şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov bildirib ki, rəhbəri olduğu “Az dərinliklərdə baş verən geodinamik proseslərin neft-qaz yataqlarının yaranmasında rolu” qrant layihəsi üzrə tədqiqatlar yekunlaşıb. Layihə çərçivəsində seysmik məlumatların və quyu geofiziki tədqiqat nəticələrinin kompleks interpretasiyası əsasında Maykop çöküntü toplanma hövzəsinin parametrləri və palçıq vulkanizminin inkişaf etdiyi ərazinin hüdudları dəqiqləşdirilib. Ərazidə baş verən palçıq vulkanizmi ilə əlaqədar proseslərin Reley-Teylor qeyri-dayanıqlılığı prinsipinə uyğun mexanizmlə tənzimləndiyi əsaslandırılıb.

Fond tərəfindən “Azərbaycanda metanolun və karbamid gübrəsinin istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərin hazırlanması” layihəsi də qalib elan olunub. Neft və Qaz İnstitutunun neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimovun rəhbəri olduğu bu layihə çərçivəsində metanolun və karbamid gübrəsinin istehsalında ilkin xammal kimi istifadə edilən metan (CH4) qazına qənaət etmək üçün atmosferə atılan karbon qazının tutulub texnoloji prosesə cəlb edilərək istifadəsi təklifi verilib.

F.Qədirovun rəhbəri olduğu “Arxeoloji abidələrin aşkarlanması və ilkin tədqiqində kiçik dərinliklər geofizikasının tətbiqi metodunun və texnologiyasının hazırlanması. Muğan düzü timsalında (2018-2019)” qrant işi də icra olunmuş layihələr sırasındadır. Akademik bildirib ki, layihə çərçivəsində arxeogeofiziki üsullar Muğan düzü arxeoloji abidələri timsalında tətbiq edilərək təcrübədən keçirilib və onların gələcəkdə ölkə ərazisində istifadə etmək metodologiyası işlənilib. F.Qədirov Azərbaycan ərazisində ilk dəfə “Preventiv arxeologiya”nın geofiziki üsullarının neft və qaz kəmərlərinin, neft-qaz yataqlarının, inşaat qurğularının zərər yetirə biləcəyi mühüm arxeoloji obyektlərin öncədən aşkarlanması və tədqiqi üçün baza yaradıldığını, bu məqsədlə Azərbaycanın arxeoloji mənzərəsinin araşdırıldığını diqqətə çatdırıb.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkpər Feyzullayevin müsabiqəyə təqdim etdiyi və qalib olduğu “Yeraltı qaz anbarlarının (YQA) istismarında sürətli flüid-dinamik proseslər və onların ətraf mühitə təsiri (az dərinlikli geofiziki və qazgeokimyəvi tədqiqatları əsasında)” layihəsi də uğurla yekunlaşıb. Alim bildirib ki, Qalmaz YQA-da aparılmış kompleks geofiziki və geokimyəvi tədqiqatlar zamanı alınan nəticələr anbarın istismarı zamanı qaz itkisinin azaldılması məqsədilə qüsurlu quyuların vaxtında aşkar edilməsi və bərpasının prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib. Nəticələrin müqayisəli təhlili göstərir ki, ən çox qaz sızmaları strukturun tağ hissəsində müşahidə olunur və bu sızmalar sırf texniki xarakterli yox, texniki-texnoloji xarakterli hesab olunmalıdır. Ə.Feyzullayev sözügedən anbardan atmosferə ayrılan və ətraf mühitə zərər verən qaz itkilərini minimuma endirmək üçün anbara qazın vurulmasının texnoloji rejiminin optimallaşdırılmasına, həmçinin mövcud və ləğv edilmiş qüsurlu quyuların bərpasına ehtiyac olduğunu vurğulayıb.

Müsabiqənin qalibi olan digər iş SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun nanotexnologiyalar üzrə müşaviri, texnika elmləri doktoru Eldar Şahbazovun rəhbəri olduğu “Qazmada və hasilatda mürəkkəbləşmələrin qarşısının alınması və layların neftvermə əmsalının artırılması məqsədilə nanostrukturlu sistemlərin işlənməsi və tətbiqi” layihəsidir. Mövzu ilə bağlı çıxış edən alim bildirib ki, Bakı və Abşeron arxipelaqlarında dərin neft və qaz quyularının qəzasız qazılması istifadə olunan heterogen sistemlərin struktur-mexaniki, kolloid-kimyəvi xassələrindən xeyli asılıdır. Uzun illər ərzində ölkəmizdə və xaricdə qeyd olunan istiqamətlər üzrə çoxsaylı elmi-tədqiqat işlərinin aparılmasına baxmayaraq, problemin aktuallığı hazırda da diqqət mərkəzindədir. Yer təkinin daha böyük dərinliklərində həyata keçirilən qazma işlərinin keyfiyyətinin və səmərəliyinin artırılması üçün yerli və xarici təcrübənin araşdırılması vacibdir.

Təqdimatlardan sonra alınan nəticələr müzakirə olunub, suallar cavablandırılıb. Bölmə icra olunmuş qrantlarla bağlı müvafiq qərar qəbul edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu