XƏBƏRLƏR Çap et 110 Arxiv
18.01.2019 / Mühüm hadisələr
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında NİZAMİ layihəsi haqqında danışılıb

Yanvarın 17-də AMEA-nın prezidenti akademik Akif Əlizadənin sədrliyi ilə  Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib.

Şuranın iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva iştirak etmişdir.

İclasın gündəliyində əsas məsələlərdən biri “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olub.

Bununla bağlı AMEA-nın bir sıra təkliflər irəli sürdüyünü deyən akademik A.Əlizadə bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi,  elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin sadələşdirilməsi, dissertasiya işlərinin orijinallığını qiymətləndirməyə imkan verən şəffaf fəaliyyət sistemin yaradılmasının zəruri olduğunu bildirmişdir.

Şuranın üzvü, AMEA-nın Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək bildirmişdir ki, artıq 3 ildir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanın aparıcı universitetləri və Avropanın 5 ölkəsinin nüfuzlu universitetinin iştirakı ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində NİZAMİ layihəsi həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda doktorantura təhsilini Avropa doktorantura təhsil sisteminə uyğunlaşdırmaq üçün təkliflər hazırlamaqdır. O, qeyd etmişdir ki,  layihə cari ilin aprel ayında başa çatır. Hazırlanmış təkliflər və tövsiyələr Azərbaycan hökumətinə təqdim olunacaq. Ə.Sadıqov NİZAMİ layihəsinin tövsiyələrinin Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsində istifadə olunmasını təklif etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, akademik Rasim Əliquliyev, professor Mustafa Babanlı və başqaları elmi-pedaqoji kadrların attestasiyası zamanı beynəlxalq təcrübənin tətbiq olunmasının vacib olduğunu qeyd ediblər.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu