XƏBƏRLƏR Çap et 124 Arxiv
05.10.2018 / Elanlar
Dünya müəllimlər gününü qeyd edir

Beynəlxalq Müəllimlər Günü YUNESKO tərəfindən təsis edilən və bir çox ölkədə, o cümlədən Azərbaycanda qeyd edilən gündür.

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.   “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.” 

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin ““Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Hazırda Azərbaycanda yeddi minədək təhsil müəssisəsində 200 minədək pedaqoq çalışır. Bu isə o deməkdir ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu