XƏBƏRLƏR Çap et 121 Arxiv
02.10.2018 / Mühüm hadisələr
AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında əməkdaşlıq məqsədilə Niyyət Sazişinin imzalama mərasimi olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ANAMA ilə əməkdaşlığın strateji əhəmiyyətindən danışıb. Alim bildirib ki, bu əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınmasına xidmət edəcək.

Akademik İ.Quliyev hazırda müharibə şəraitində yaşayan Azərbaycanın ANAMA ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, AMEA-nın 15-ə yaxın institutunun bu əlaqələrin inkişafında iştirakı planlaşdırılır.

Sonra ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov çıxış edib. O, 20 ildir ki, fəaliyyət göstərən agentliyin beynəlxalq standartlara uyğun olaraq humanitar minatəmizləmə işlərini həyata keçirdiyini bildirib. ANAMA-nın beynəlxalq təşkilatlarla əlaqələrindən söz açan Q.Əhmədov qeyd edib ki, agentlik fəaliyyətə başladığı dövrdən indiyədək 53 min 5 hektar ərazini mina və PHS-lərdən təmizləyib, 798 295 mina və PHS-i aşkar edərək zərərsizləşdirib.

Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan direktor Xəzəryanı regionda ilk dəfə olaraq ölkəmizdə müdafiə tədbirləri məqsədi ilə bir sıra yeniliklərə imza atıldığını, sınaqların keçirildiyini qeyd edib. Bildirib ki, akademiya ilə əməkdaşlığın əsas prinsipi tərəflərin elm, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin birgə həlli, yüksək peşəkarlığa malik kadrların hazırlanması, texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsidir.

Q.Əhmədov diqqətə çatdırıb ki, agentlik mina təmizləmə sahəsində beynəlxalq mütəxəssislərin rəyinə görə, bütün zəruri texnika və infrastruktura malik aparıcı təşkilatlardan biridir. AMEA “YT Parkı”nda istehsal olunan məhsullar xarici ölkələrdən asılığın azaldılmasına gətirib çıxaracaq, eləcə də bu məhsulları xarici bazarlara çıxarmaq imkanı yaradaraq ölkəyə gəlir verəcək.  

Bu gün ölkəmizdə elm və innovasiyalar sahəsində sürətli inkişafın müşahidə olunduğunu deyən ANAMA-nın rəhbəri dövlət başçısının da bu sferaların inkişafına önəm verdiyini deyib. O, AMEA ilə davamlı əməkdaşlıq nəticəsində minatəmizləmə fəaliyyətində yeni texnologiyaların tətbiqi və onlardan əməliyyatlar zamanı istifadə imkanının genişlənəcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu əlaqələr agentlikdə fəaliyyət göstərən mütəxəssislərin daha təhlükəsiz iş şəraiti ilə təmin olunmasına da şərait yaradacaq.

Tədbirdə çıxış edən AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Niyyət Sazişinin hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib: “Sazişin əsas mahiyyəti aidiyyəti məsələlər üzrə faəliyyətlərin planlaşdırılması və birgə innovativ layihələrin həyata keçirilməsidir”.

F.Abdullayev bundan əvvəl də ANAMA ilə keçirilən görüşləri xatırladıb. Mərkəz rəhbəri təklif olunan istiqamətlərdə hazırda həyata keçirilən müştərək layihələr haqqında məlumat verərək qeyd edib ki, ilin sonuna kimi konkret nəticələrin əldə olunacağı gözlənilir.

Sonra çıxış edən AMEA “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov bildirib ki, əsas etibarilə Azərbaycanda daxili istehlakı təmin etmək məqsədini daşıyan Niyyət Sazişi tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə də xidmət edəcək.

N.Şükürovun sözlərinə görə, son dövrlərdə Azərbaycan alimlərinin iştirakı ilə yaradılan innovativ elmtutumlu məhsullar dövlət strukturları, eləcə də xarici təşkilatların böyük marağına səbəb olub. Alim əlavə edib ki, ölkədə istehsal strukturları yaratmaq və Azərbaycan bazarından xaricə məhsulların göndərilməsini təmin etmək əsas hədəflərdəndir. Bu prosesin həyata keçirilməsində ANAMA ilə əməkdaşlıq mühüm rol oynayacaq.

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də çıxış edib. Alim ANAMA ilə əməkdaşlığın ölkədə elm və istehsal, eləcə də yerli məhsulların xaricə çıxarılması sahəsində ciddi nailiyyətlərin əldə olunması üçün geniş imkanlar açacağına inamını ifadə edib.

Daha sonra Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə çıxış edərək Biologiya və Tibb Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən qurumların da bu əməkdaşlığa cəlb olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov öz çıxışında ANAMA ilə əməkdaşlığın ölkə başçısının hərbi sənayenin daxili potensial hesabına inkişaf etdirilməsi ilə bağlı tapşırığının icrası istiqamətində əhəmiyyətli bir addım olduğunu deyib.

“YT Park”ın qısa müddət ərzində yeni texnologiya məhsullarının istehsalı baxımından əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən alim bu səbəbdən dövlət strukturlarının Parkın fəaliyyətinə xüsusi diqqət göstərdiyini vurğulayıb.

Ə.Sadıqov gələcəkdə AMEA-da pilotsuz uçuş aparatları ilə yanaşı, məsafədən idarə olunan robotlar və digər yeni texnologiyaların istehsalının həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırıb.  

Sonda AMEA “YT Park” ilə ANAMA arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə innovasiyaların tətbiqi sahəsində, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasında müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, milli müdafiə maraqları ilə bağlı birgə layihələrin həyata keçirilməsi, xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları və elm texnologiya mərkəzləri ilə faydalı əlaqələrin yaradılması, xüsusi təlimlərin təşkili və s. məsələlər  öz əksini tapır.

Sənədi “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov və ANAMA-nın direktoru Qəzənfər Əhmədov imzalayıblar.

©  www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu