XƏBƏRLƏR Çap et 961 Arxiv
04.07.2018 / Maraqlı məlumatlar
AMEA-nın prezidenti gənc elmlər doktorunun mükafatlandırılması barədə sərəncam imzalayıb

AMEA prezidenti, akademik Akif Əlizadə elmlər doktoru elmi dərəcəsi almaq üçün 35 yaşınadək dissertasiya işini müdafiə etmiş Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Dünya Məhəmməd qızı Babanlının 5 (beş) min manat məbləğində mükafatlandırılması barədə sərəncam imzalayıb.

          Dünya Məhəmməd qızı Babanlı 6 dekabr 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2003-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə “Fiziki kimya” ixtisası üzrə magistr pilləsini  fərqlənmə diplomu ilə bitirib.    2007-ci ildə "Tl-TlHal-X (Hal-Cl,Br; X-Se,Te) sistemlərində qarşılıqlı təsirin fiziki-kimyəvi qanunauyğunluqları" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. O, 2006-2016-cı illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 2016-cı ildən isə inistitutun aparıcı elmi işçisidir. O, 2015-ci ildə dosent elmi adını almışdır.

          21 sentyabr 2017-ci il tarixində 2307.01 – Fiziki kimya və 2303.01 – Qeyri-üzvi kimya ixtisasları üzrə “Tallium xalkohalogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 aprel 2018-ci il tarixli qərarı ilə D.M.Babanlıya kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

          Gənc alim ümumilikdə 140-a yaxın elmi əsərin müəllifidir. "Google Scholar Citations" informasiya sisteminin məlumatına görə, onun 40-a yaxın elmi əsəri "Elsevier", "Springer" və "Tomson Reuters" beynəlxalq elektron sistemlərinə daxil edilib və onlara 200-ə yaxın istinad olunub.

          Qeyd edək ki, bundan əvvəl Neft-Kimya Prosesləri İnstitutunun baş texnoloqu İsmayılov İsmayıl Teyyub oğlu 35 yaşınadək elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etdiyi üçün AMEA prezidentinin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə 5 (beş) min manat məbləğində mükafatlandırılmışdır.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu